<$BlogRSDUrl$>

Monday, July 19, 2004

ŞAH BABAMIZ - XƏTAİ


Onun qurduğu Səfəvilər dövləti Avropa, Asiya və Afrika qitəsində yerləşməklə ərazisi 3.5 milyon kv.km. idi.


Bu gün Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai'nin (Səfəvi) anadan olmasının 517 ili tamam olur. Lakin nədənsə Xətai ilə bağlı tarixi məqamlar Azərbaycanda dövlət səviyyəsində qeyd olunmur. Hələ üç il bundan əvvəl Xətai/nin taxta çıxmasının 500 ili tamam olanda da Azərbaycanda bu tarixi hadisə qeyd olunmadı. Mə'lumatlara görəsə, bunun üçün hətta hökumət komissiyası da təşkil olunubmuş.


Tarixi mənbələrdə yazılır ki, 1500-cü ilin sonunda Gülüstan qalası yaxınlığındakı döyüşdə Şirvanşah Fərrux Yasar'ın, 1501-ci ildə isə Naxçıvan yaxınlığındakı Şərur düzündə Ağqoyunlu Əlvənd Mirzə'nin qoşunlarını məğlubiyyətə uğradan Qızılbaşlar Təbriz'ə maneəsiz daxil olaraq İsmayıl'ı şah elan ediblər. Beləliklə, Səfəvilər dövlətinin əsası qoyulub.


Şah İsmayıl Xətai tərəfindən əsası qoyulan bu dövlət Azərbaycan, Şərqi Ermənistan, Şərqi Gürcüstan, İran, Cənubi Türküstan, Əfqanıstan (Bəlx vilayəti istisna olmaqla), bə'zi dövrlərdə İraq-i Ərəb və digər əraziləri əhatə edib. Beləcə, Səfəvilər dövləti 3 qitədə - Avropa, Asiya və Afrikada yerləşib və ərazisi 3.5 mln. kv.km. olub.


Səfəvilər sülaləsi tərəfindən idarə edilən bu dövlətin paytaxtı müxtəlif vaxtlarda Təbriz, Qəzvin və İsfahan, mühüm şəhərlərisə Təbriz, Gəncə, Naxçıvan, Ərdəbil, Şamaxı, Bakı, Dərəbənd, Marağa, Qəzvin, İsfahan, Həmədan, Şiraz, Məşhəd, Herat, Yəzd, Kirman olub. Bu dövlətdə Azərbaycan'ın Qızılbaş tayfaları (dövlətin bə'zən Qızılbaşlar dövləti adlanması da buradandır) və oturaq Ərdəbil feodalları əsas rol oynayıb. XVI əsrin sonlarına dək müstəsna hüquq və imtiyazlara malik olan Qızılbaşlar dövlət və saray xadimləri, qoşun komandanları və əyalət hakimləri təyin ediliblər. Fars və başqa etnik nümayəndələrinsə yalnız mühasibatda, dəftərxanada və sair yerlərdə ikinci dərəcəli vəzifələr tutmaq səlahiyyətləri olub. Bircə onu xatırladaq ki, XVI əsrin ortalarında 74 əmirin 68-i Azərbaycanlı idi. Sarayda və orduda Azərbaycan dilinin hakim olduğu Səfəvilər dövlətininin ictimai, iqtisadi, siyasi və mədəniyyət mərkəzi Azərbaycan idi.


Şah İsmayıl Xətai hakimiyyəti dövründə həm siyasət, həm də şe'r sənətinin klassiki kimi Azərbaycan'ı dünyada yaxşı tanıda bilmişdi. Bu mənada onun hakimiyyəti və yaradıcılığı birlikdə tarixi əhəmiyyət kəsb edir. Xətai F. Bekon, Məhəmməd Füzuli və digər dahi şəxsiyyətlər, alim və şairlər tərəfindən yüksək qiymətləndirilmişdir.


Tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev Şah İsmayıl Xətai'nin qurduğu dövlətin Azərbaycan dövləti olduğunu ilk dəfə 1961-ci ildə yazdığını, amma Moskvada elmi işində onu Səfəvi dövləti kimi müdafiə elədiyini qeyd edir. "Elmi rəhbərim Zaxader mənə dedi ki, "onlar Türkdürlər və bu, sizin tarixinizdir, ancaq oraya "Azərbaycan" sözü yazsan, səni müdafiə etməyə qoymayacaqlar". Düzü, mən aspiranturaya girəndə bu mövzunu da mənə o vermişdi. Ona qədər bizim tarixi oturaq mədəniyyətdə arayırdılar, amma biz oturaq deyildik ki... Biz yarım köçəri idik və dövlətin hərbi qüvvəsi də burada idi. Belə baxanda oturaq əhali heç tarixə düşmür, tarixə əsasən hərbi yürüşlər düşür. Bunlar isə Azərbaycan tarixində həmişə Türklərlə bağlı olub və həmin Türklər də bizik. Ruslar isə bizi Dədə Qorqud'dan ayırdıqları kimi, Türklərdən də ayırmaq istəyirdilər. Deyirdilər ki, "Türklər vəhşi köçərilərdir, düşməndirlər". Amma bizim keçmişimizdə isə Türklərdən başqa heç nəyimiz yox idi".


Professor daha sonra qeyd edir ki, o dövrdə Petruşevski kimi böyük alim ilk dəfə yazdı ki, "Səfəvilər - bu Türkmənlər sarayda və orduda Azərbaycan dilində danışırdılar". O. Əfəndiyev deyir ki, hətta Petruşevski bunu yazanda çox qorxurmuş. "Qorxurmuş ki, tutub soxarlar içəri. Yə'ni bizə işarə verirdi ki, Səfəvilər öz ana dilində danışırdılar. Ondan sonra biz başladıq. İndi bunu Türkiyəlilər də qəbul edir".


O. Əfəndiyev Şah İsmayıl Xətai'nin guya Farsca da yazması barədə deyilənlərə də aydınlıq gətirdi. Onun mə'lumatına görə, Xətai'nin Farsca heç nəyi yoxdur, "Divan"ı da, "Dəhnamə"si, də "Nəsihətnamə"si də Türkcədir.


Fəlsəfə elmləri namizədi Nazim Hüseynovsa qeyd edir ki, "Hatayi divanı"nda öz əksini tapmış "Bir olsun, birlik olsun, dirlik olsun..." ifadəsi Xətai'nin siyasi mövqeyini əks etdirir və mühüm elmi-nəzəri, əməli əhəmiyyət kəsb edir. Onun fikrincə, Şah İsmayıl Türk dilini dövlət dili e'lan etmiş və xarici müəlliflərdən birinin yazdığı kimi bu dili Fars dili ilə yanaşı şe'r, poeziya dilinə çevirmişdir. Xətai rəsmi dövlət sənədlərinin Türk dilində yazılmasında və Türkcə divanında elmi terminologiyanın yaranmasında böyük xidmət göstərmişdir. O, Türk dilində elmi-fəlsəfi əhəmiyyətə malik olan şe'rlər yazmışdır. "Xətai'nin saray və orduda Türk dilini hakim mövqeyə çatdırması, dini şe'rlərini bu dildə yazması dilimizin inkişafında müstəsna xidmətidir".


N. Hüseynova görə, Xətai Azərbaycan ədəbiyyatının əvəzolunmaz klassikidir. "Peşəkar alimlər şair Xətai'ni hökmdar Xətai'yə uyğun hesab etmişdir. Yaradıcılığı Azərbaycan ədəbiyyatında Nəsimi və Füzuli mərhələsi kimi də qəbul edilir. O, şifahi xalq ədəbiyyatının yazıya köçürülməsi və sarayda ədəbi məclislər keçirməsi ilə Azərbaycan ədəbiyyatına əvəzolunmaz xidmət göstrəmişdir". N. Hüseynov Şah İsmayıl'ı həm də böyük bir sərkərdə kimi xarakterizə edir. Dediyinə görə, Xətai'nin döyüş taktikasında "Turan taktikası" - "qurd-qurd" oyunu haqqında da yazılmışdır. "Bu taktika belə izah edilir: rəqibin qarşısından qaçan kimi görünərək, münasib hesab edilən yerə kimi tə'qib olunursan və qəfildən əks hücuma keçirsən".


Şah babamızın hakimiyyətdə olduğu illər Azərbaycan hərbi, iqtisadi və siyasi qüdrətinə görə ən böyük dövlətlərindən biri idi. Azərbaycan'ın Avropa ölkələri ilə siyasi, iqtisadi və müdafiə sahələrindəki əlaqələri Xətai'nin hökmdarlığı illərində sistemli xarakterə malik olmuşdur və o, bu sistemli əlaqələrin banisidir.


Xanoğlan ƏHMƏDOV



Sunday, July 11, 2004


Şah İsmayıl Xətainin xatirə günü keçiriləcək


Hər il olduğu kimi, bu il də iyulun 17-də Azərbaycan ədəbiyyatında və tarixində öz yeri olan şair, dövlət xadimi və sərkərdə Şah İsmayıl Xətainin anım günü qeyd ediləcək. Xətai Fondunun təşkilatçılığı ilə, "Azərbaycan" mehmanxanasında təşkil olunan mərasimdə Şah İsmayılın həyat yoluna nəzər salınacaq, yaradıcılığından nümunələr səsləndiriləcək.


Mərasimdə həm də Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr edilmiş müsabiqənin nəticələri, qaliblərin adları açıqlanacaq. Fonddan verilən məlumata görə, hələlik müsabiqə üçün təqdim olunan materiallar az olduğundan onun vaxtının bir qədər uzadılması nəzərdə tutulub. Daha öncə də Xətaiyə həsr olunan bir neçə müsabiqə və sərgi keçirən Fond bunu həm də hökmdar-şair haqqında heç bir televiziya verilişinin təqdim edilməməsilə əlaqələndirir. Müsabiqənin vaxtının uzadılması Şah İsmayıl Xətai Fondunun İdarə Heyətində müzakirə ediləcək.


Fond həm də Xətainin əsərlərinin tərcümə və nəşrini, onun irsinin təbliği yolunda başqa tədbirlər həyata keçirməyi də planlaşdırıb.

LAMİYƏ


This page is powered by Blogger. Isn't yours?